
ƏLƏMDAR CABBARLI: “Prezident təqaüdümü qəzetə xərclədim”
Nisan 8, 2010Məlum olduğu kimi “Bizim Söz” qəzeti 2009-cu ilin ədəbi yekunlarına həsr olumuş Mükafatlandırma Mərasimi keçirib. azelim.com saytı bu münasibətlə qəzetin baş redaktoru Ələmdar Cabbarlıdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.
– İlin ədəbi yekunlarını keçirmək haradan ağlınıza gəldi?
– “Bizim Söz” qəzetini təsis eləyəndə əsas məqsədimiz, əsas hədəfimiz ondan ibarət olmuşdur ki, Azərbaycanda ədəbiyyatı gündəmə gətirək, təbliğ edək, yeni ədəbi simaları cəmiyyətə tanıtdıraq. Və eyni məqsədlə də belə bir tədbir keçirməyi qərara aldıq. Çox şadıq ki, bu ideyamıza Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi tərəfindən müsbət yanaşıldı və onu uğurla gerçəkləşdirə bildik. Ən əsas və sevindirici məqam isə ondan ibarət oldu ki, qələm adamları, nüfuzlu ziyalılar, o cümlədən mediya bu tədbirə ciddi reaksiya verdi, seçimlərimizin ədalətli olduğunu bildirdi. Bütün mətbuat – ölkədə fəaliyyət göstərən televiziyaların hamısı, əksər qəzetlər, internet saytları, radiolar tədbiri geniş şəkildə işıqlandırdı. Bunun özü cəmiyyətdə ədəbiyyata və eləcə də bu tədbirə böyük marağı ifadə edir.
– İlin ədəbi yekunlarını keçirmək səlahiyyətini sizə kim verib?
– Fikrimcə, belə bir tədbirin keçirilməsi üçün səlahiyyət deyil, istək lazımdır. O istək ki, ədəbiyyatımıza, mədəniyyətimizə xidmət edir. Biz doğru bir iş tutduğumuzun fərqindəyik. Çünki, biz ulduz yarışması keçirmirik, şoular düzəltmirik, SMS dilənmirik, heç bir təmənna güdmədən, heç bir yerdən dəstək almadan ədəbiyyatımızı, mədəniyyətimizi, dövlətimizin bu sahədə olan siyasətini təbliğ edirik.
– Siz burada müxtəliflər nominasiyalar üzrə mükafatlar verdiniz. Bəziləri obyektivliyə şübhə ilə yanaşdılar.
– Biz bu nəticələrə birdən-birə gəlməmişik. Bunun üçün 2009-cu ildə ədəbiyyat çap eləyən yazılı və elektron mətbuatı izləmişik, təhlil eləmişik, o cümlədən bir neçə dəfə sorğular aparmışıq və nəticədə ortaq bir mövqeyə gəlmişik. Seçimlərimizin ədalətli olmasını isə, bayaq vurğuladığım kimi, nüfuzlu ziyalılar, yazıçı və şairlər, mediya nümayəndələri dəfələrlə bəyan eləyiblər. Narazı qalanlar kimlərdir? Özlərini, yaxın ətraflarını mükafatçılar sırasında görmək istəyən və nəticədə isə görməyən insanlar. Onlar bəzi mətbuat orqanlarında müəyyən fikirlər yazdılar, amma biz onlara heç bir cavab vermədik və aqressiyalarını anlayışla qarşıladıq. Biz onları başa düşürük. Eyni zamanda bu etirazlar bizim mükafatın əhəmiyyətini ifadə edir. Əks halda əhəmiyyətsiz bir mükafat onlar üçün bu qədər önəm daşımazdı. Eyni zamanda özümüzü hədəfə çevirdiyimizin də fərqindəyik və bundan da narahat deyilik. Bir məqamı onlar unutmasınlar ki, cəmiyyətdə geniş rezonans doğuran bu tədbiri heç bir maddi-texniki bazası olmayan, onsuz da az olan maaşımızdan kəsib çıxardığımız bir qəzet keçirir. Bunu dəstəkləmək əvəzinə əksini düşünürlərsə, biz buna yalnız təəssüf edirik.
– Niyə nominantlara yalnız diplom verdiniz, başqa mükafatlar olmadı?
Bu sualınız yerinə düşdü. Elə bunun özü bizim seçimlərin ədalətli olmasını sübut edir. Bu onu ifadə edir ki, biz heç bir dəstək almadan, heç kimə təmənna ilə mükafat vermədən bu tədbiri keçirmişik və gücümüz yalnız diplomları hazırlamağa çatıb. Başqa mükafat məsələsinə gəlincə, nəzərinizə çatdırım ki, biz istəyirdik diplomdan əlavə mükafatlar verək. Məsələn, müəyyən suvenirlər və s. Bunun üçün müəyyən cəhdlər etdik, o cümlədən iş adamlarına müraciətlər etdik, lakin təəssüf ki, heç kəs bu müraciətimizi dəyərləndirmədi. Amma bundan heç də narahat deyilik. Bilirsiniz, ədəbiyyat adamı üçün mənəviyyat maddiyyatdan çox-çox öndə durur. Bizim nominantlar da məhz belə insanlar idi, ləyaqətli insanlar idi, ədəbiyyata təmənnasız xidmət edən insanlar idi. Onlar bizim diplomdan ibarət olan mükafatımızı könül xoşluğu ilə, ürək açıqlığı ilə qəbul elədilər və bizə də şərəf vermiş oldular. Biz bunu ənənə halına salmaq istəyirik və hər il bu tədbiri keçrmək niyyətindəyik. Çalışağıq ki, gələn il diplomdan əlavə hədiyyələrimiz də olsun, xüsuslilə, gənclər üçün – yəni ən azı stimul yaratmaq baxımından. Bunun üçün müəyyən qapıları döyəcəyik və çalışacağıq ki, o qapılar üzümüzə açılsın. Bu mənada bizim əsas hədəfimiz iş adamlarıdır. Biz onları inandırmağa çalışacağıq ki, bu gün investisiya qoyulası ən ciddi sahələrdən biri ədəbiyyatdır. Qoy onlar ədəbiyyata investisiya qoysunlar, ədəbiyyatı təbliğ etsinlər. Çünki, xalqımızın gələcəyi üçün bu, çox vacibdir. Qoy bizim iş adamları, imkanlı şəxslər müğənnilərə CİP almaqdan, fərarilərin psevdovətənpərvərlik mahnılarına klip çəkdirməkdən bezsinlər. İllərlə bir kitab çıxara bilməyən istedadlı yazarlara kömək eləsinlər. İnanın ki, bu gün bir avara müğənniyə xərclənən pulla ədəbiyyatımızı dünyada təbliğ etmək olar.
– Ümumiyyətlə, bu qəzeti çıxarmaqda məqsədiniz nədir?
– Bizim məqsədimiz Azərbaycanda ədəbiyyatı, şeiri, poeziyanı, prozanı populyarlaşdırmaq və yaxşı mənada ictimailəşdirməkdir. Bu gün lazımsız nəsnələrin təbliği fonunda ədəbiyyatın təbliğinə çox böyük ehtiyac var. Biz istəyirik ki, yeni ədəbi simaların ictimaiyyətə tanıdılmasına xidmət edək. Bu gün deyək ki, gənc müğənniləri, hətta müğənni adına layiq olmayanları da, gənc idmançıları tanıyırlar, amma gənc yazarları yox. Biz istəyirik ki, gənc qələm sahibləri tanınsın, onların ictimai nüfuzu olsun. Necə ki, hələ gənc yaşlarında, bizim yaşda olanda S.Vurğunun, S.Rüstəmin, R.Rzanın çox böyük ictimai nüfuzu var idi. Bu gün 35-40 yaş ətrafında kifayət qədər gənc və istedadlı adamlar var ki, onları geniş publika tanımır. Burada sadəcə onların personasını deyil, eyni zamanda əsərlərini tanıtmaqdan söhbət gedir. Amma belə çıxmasın ki, biz qəzetimizdə yalnız ədəbi gəncliyi dərc edirik. Qəzetimizdə gənclər və yaşlılar problemi yoxdur, burada bir harmoniya var, məsələn, qəzetdə “Ədəbi gənclik” səhifəsi də var, eyni zamanda “Ustad sözü” səhifəsi də. Buna görə də bu gün qəzetimizi ədəbiyyata yenicə gələnlərdən tutmuş tanınmış yazarlara, xalq şairlərinə, xalq yazıçılarına qədər bütün ədəbi mühit oxuyur, ciddi imzalar bizim qəzetə yazılar göndərir, müsahibələr verirlər.
– Qəzetiniz haradan maaliyyələşir
2008-ci ildə mən cənab Prezidentin sərəncamına uyğun olaraq gənc yazarlar üçün nəzərdə tutulmuş Prezident Təqaüdünə layiq görüldüm və düşündüm ki, cənab Prezidentin çox səxavətlə ayırdığı bu pulu ədəbiyyat üçün xərcləyim. Demək olar ki, Prezident Təqaüdümü qəzetə xərclədim. Siz bilirsiniz ki, bu təqaüd 1 il müddətinə nəzərdə tutulur. İndi isə onsuz da az olan maaşımızdan kəsib qəzeti ayda bir dəfə çıxarırıq. Başqa heç bir yerdən maaliyyə mənbəyimiz yoxdur. Qəzeti ayda iki dəfə də, həftədə 1 dəfə də buraxa bilərik. Bizim buna yaradıcılıq baxımından potensialımız var. Amma maddi baxımdan belə bir imkanımız yoxdur. Əslində ayda bir dəfə yox, amma 2 dəfə ədəbiyyat qəzeti üçün normaldır. Çünki, burada informasiya verilmir ki, hər gün yenilənsin. Burada bədii nümunələr dərc olnur ki, onun da oxunması, müzakirəsi üçün müəyyən zaman lazımdır. Bu gün bizim məqsədlərimizdən biri ayda iki dəfə nəşr olunmaqdır. Hələ ki, bu məsələdə bir işıq ucu görünmür, biz buna çalışırıq, müəyyən qapıları döyürük, amma hələ ki, üzümüzə qapı açan yoxdur. Reket qəzetlərə qorxularından, sarı mətbuata “sevgilərindən”, səviyyəsiz qəzetlərə özlərinin də anlamadığı səbəblərdən pul ayıranlar xalqımızın ədəbiyyatını, mənəviyyatını təbliğ edən bir qəzetə, ölkədə yeganə müstəqil ədəbi dərgiyə yəqin ki, dırnaqarası baxırlar. Yəni bu mənada üzümüzə qapı açan yoxdur, amma tanınmış ziyalılar, sözə dəyər verən insanlar bizə öz qapılarını açır, bizimlə məmuniyyətlə əməkdaşlıq edirlər. Amma onların da vəziyyəti elə bizimki kimidir. Şair demişkən zər əhlində kərəm yoxdur, kərəm əhlində zər.
Bir Cevap Yazın