
İlin ədəbi yekunları açıqlandı
Nisan 8, 2010Yanvar ayının 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Bizim söz” qəzetinin təşəbbüsü və təşkilatçılığı, AYB-nin dəstəyi il 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuş Mükafatlandırma Mərasimi keçirildi. Mərasimi giriş sözü ilə AYB-nin katibi Rəşad Məcid açdı:
“Bizim söz” qəzeti ədəbi qəzetlərimizdən biridir, cavan qələm sahiblərimiz orada çalışırlar. Bu qəzet dəyərli bir qəzetdir və sakitcə öz işləri ilə məşğul olur. Qəzetin baş redaktoru Ələmdar Cabbarlı belə bir ideyasının olduğunu söylədi və Yazıçılar Birliyi buna məmuniyyətlə dəstək verməyə hazır olduğunu bildirdi. Bu gün də çox sevinirik ki, burada bir qələbəlik var.
Burada müxtəlif nominasiyalar üzrə mükafatlar var. Müxtəlif qurumlar müxtəlif mükafatlar verir. Mən burda bir misal çəlmək istəyirəm: deyir dostunu göstər kim olduğunu deyim. Mən də belə deyirəm ki, mükafatçılarını göstər, mükafatına qiymət verim. Bu mənada mən bu mükafatçıların siyahısına baxanda burada Azərbaycanın çox qiymətli adamlarını görürəm və hesab edirəm ki, burada çox obyektiv nəticələr var. Yenə də deyirəm Yazıçılar Birliyi bu tədbirə məmuniyyətlə dəstək verir. İnanıram ki, bu ənənə gələcək illərdə də davam eləyəcək və belə görünür ki, gələcəkdə bu mərasimi daha geniş auditoriyada keçirəcəyik. Hamınıza uğurlar arzu edirəm, hamınızı təbrik edirəm. Tədbirimizi “Bizim söz” qəzetinin baş redaktoru Ələmdar Cabbarlı aparacaq”.
Ələmdar Cabbarlı: “Əziz dostlar, yazıçılar, alimlər, mətbuat nümayəndələri! Sizin hər biriniz salamlayıram. “Bizim söz” qəzeti 2009-cu ilin əvvəllərindən fəaliyyətə başlayan bir qəzetdir. Bu qəzeti təsis eləyəndə bizim məqsədimiz ondan ibarət olmuşdur ki, Azərbaycan cəmiyyətində ədəbiyyata, mütaliəyə, kitaba marağı daha da artıraq. Və eyni məqsədlə də bu tədbiri keçirməyi qərara aldıq. Bir daha AYB sədri çox hörmətli Anar müəllimə, katiblərə, bu tədbirin gerçəkləşməsində çox böyük zəhməti olan Rəşad Məcidə bizə dəstək olduqları üçün öz təşəkkürümü bildirirəm. Əziz dostlar, bu gün bizim ən başlıca mövzumuz Qarabağ mövzusudur. Cənab prezident İlham Əliyev də dəfələrlə çıxışlarında vurğulayıb ki, Azərbaycanın bir problemi var, o da Qarabağ problemidir. Bu problemin həlli üçün yazıçılardan, şairlərdən nə tələb olunur? Mənim fikrimcə, yazıçı da sözün səngərində öz işini görməlidir. Bu müharibənin faciələrini, müharibədə qəhrəmanlıq göstərən igid oğul və qızlarımızın obrazını ədəbiyyata gətirməli, xalqımızda öz əsərləri ilə xoş ovqat yaratmalıdırlar. Bizim ilk nominasiyamız da Qarabağ mövzusundadır. Qarabağ mövzusunda çox əsərlər yazılıb. Amma bir əsər oldu ki, o, ədəbi hadisəyə çevrildi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, həmin əsər haqqında mətbuatda çap olunan yazıların, resenziyaların həcmi həmin əsərdən çoxdur. Bu, Aqil Abbasın “Dolu” romanıdır. Beləlikə “Qarabağ mövzusunda yazılmış ən yaxşı nəsr əsəri” nominasiyası üzrə millət vəkili Aqil Abbas təltif olunur”
Aqil Abbas: “Qarabağla bağlı çox əsərlər yazılıb. Mənim əsərimdə onların biridir. Tədbirin təşkilatçılarına təşəkkür edirəm”
Daha sonra “Dərdimizin qan rəngi” pomasına görə “Qarabağ mövzusunda yazılmış poema” nominasiyası üzrə Ədalət Əsgəroğlu təltif edildi.
Ədalət Əsgəroğlu: “Mən də minnətdarlığımı bildirirəm “Bizim söz” qəzetinə, bu işin təşkilatçılarına, mən çox sevinirəm ki, Qarabağ mövzusunda yazılmış əsərlərin əhəmiyyəti nəzərə alınır. Mən əsrimdə çağırış yolunu tumuşam”.
Növbəti nominant klassik aşıq ədəbiyyatımızın görkəmli nümayəndəsi Dədə Şəmşirin oğlu Qənbər Şəmşiroğlu oldu. Qənbər Şəmşiroğlunun 2009-cu ildə çapdan çıxan “Tale oxşarlığı” kitabı “İlin bədii kitabı” adına layiq görüldü.
Qənbər Şəmşiroğlu: “Təşkilatçılara minnətdarlıq edirəm ki, mənim əsərimə belə qiymət veriblər. Mən bütün Azərbaycan xalqına, ədəbiyyatsevərlərə öz minnətdarlığım bildirirəm, hamınıza uğurlar arzulayıram”
Uğurlu ssenarilərinə görə “İlin televiziya filmi” nominasiyasının qalibi Ənvər Seyidov oldu.
Ənvər Seyidov: “Təşəkür edirəm və bildirmək istəyirəm ki, bu filmin (“Gürzə” filmi) rejissoru hörmətli Məhərrəm Bədirzadədir. Onun burada çox əməyi olub və hesab edirəm ki, bu mükafat həm də ona aiddir. Mən sizə minnətdarlığımı bildirirəm, sizə uğurlar arzulayıram. Düşünürəm ki, “Bizim söz”ün bu mükafatı bizi daha da ruhlandıracaq”.
Daha sonra “Ədəbiyyata qayğı göstərən millət vəkili” nominasiyası elan olundu. Nominasiyanın qalibi Qənirə xanım Paşayeva oldu.
Qənirə Paşayeva: “Çox sağ olun, təşəkkür edirəm. Sevinirəm ki, gənc ədəbiyyatçlarımız belə bir tədbir keçirir, mükafatlar təsis edir. Amma bu söz-ədəbiyyata dəstək sözü – çox böyük sözdür. Mən hesab edirəm ki, biz bunun üçün çox da böyük iş görməmişik. Bəlkə də bir ədəbiyyatçının qızı, bir ədəbiyyatçının qardaşı qızı kimi doğulmaq, yaşamaq bizim içimizdə ədəbiyyata qarşı bir doğma münasibət formalaşdırıb. Bizdə də çalışırıq ki, ədəbiyyatımız üçün, onun təbliği üçün müəyyyən işlər görək. Bu, bizim borcumuzdur. Biz hamımız ədəbiyyatımızın təbliğinə, inkişafına dəstək göstərməliyik. Bu mükafat da bizə bir etimaddır, bir məsuliyyətdir. Mən bu mükafatı almaqdan çox şadam, sizə təşəkkür edirəm. Son vaxtlar Rəşad müəllimin təşkilatçılığı ilə bir çox gənc şairlərlə, ədəbiyyatçılarla bizim görüşmək və onları tanımaq imkanlarımız olub. Mən inanıram ki, bizim ədəbiyyatımız əmin əllərədir, bizim burada toplaşan gəncərimiz Azərbaycan ədəbiyyatına öz töhfələrini verəcəklər. Biz də alimizdən gələni etməyə hazırıq. Bir daha təşəkkür edirəm ki, belə bir mükafata mən də layiq görülmüşəm”.
Növbəti nominasiyada “525-ci qəzet” “İlin ədəbi qəzeti” elan olundu. Qəzetin baş redaktoru Rəşad Məcid: “Çox təşəkkür edirəm, sağ olun”.
“İlin tənqidçisi” Əsəd Cahangir oldu.
Əsəd Cahangir: “Çox sağ olun. Yəqin ki, mən Ələmdar haqqında bir-iki kəlmə söz desəm, onu nominasiyanın müqabilində deyilmiş söz kimi qəbul etməyəcəksiniz. Çünki nominasiya layiq görüldüyümü bura gələnə qədər bilmirdim, amma çıxışımı bilirdim…
Aqil Abbas: Layiqsən, daha çoxuna layiqsən.
Əsəd Cahangir: “…bu gənclər gəlir ədəbiyyata və bir-iki şeir çap çap elətdirirlər, bir iki məqalə yazırlar, kitabları çıxır və sonra da onların Allahlıq iddiası olur. Və belə bir mühitdə olduqca çətindir ki, sən də onların yaşıdı olasan və bu qədər təvazökar olasan, böyüyün, kiçiyin yerini biləsən, haqqı – ədaləti qoryub-saxlaya biləsən, obyektiv münasibət nümayiş etdirə biləsən, həm də istedadlı bir oğlan olasan. Bunları mən Ələmdarda görürəm. “Bizim söz” qəzeti nəşrə başlayandan onu dəstəkləyənlərdən, alqışlayanlardan, orda iştirak edənlərdən biri də mən olmuşam və bununla fəxr edirəm. Arada o qəzetə hücumlar da oldu, amma bu Ələmdarı öz yolundan döndərə bilməz, çünki o, öz yolunu bilən bir oğlandır və çox sevinirəm ki, bu hücumlar zamanı – hərçənd ki, onlara ciddi hücumlar da demək olmaz, mən də öz səsimi qaldırdım və hesab edirəm ki, bu mənim borcum idi. “İlin tənqidçisi” nominasiyasına məni layiq gördüyünə görə Ələmdara öz minnətdarlığımı bildirirəm, amma mən hesab eləmirəm ki, ilin tənqidçisiyəm. Mənə elə gəlir ki, bu ilin ən çox tənqid olunanı mənəm. Mənə bəlkə də, “İlin ən çox tənqid olunanı” nominasiyası versəydilər daha yerinə düşərdi. Amma igidin başı qalda gərək. Məndən əvvəl də Azərbaycan tənqidçiləri bu münasibətlə üzləşib, məndən sonra da üzləşəcəklər. Bizim sənətimizin xüsusiyyəti budur. Bu, bizi öz yolumuzdan sapdıra biməz, bizi öz prinsiplərimizdən çəkindirə bilməz. Necə gəlmişik, elə də gəlirik, gələcəkdə də öz yolumuzla gedəcəyik. Bu obyektivliyə görə bir daha Ələmdar Cabbarlıya təşəkkürümü bildiirəm. Və çox fəxr edirəm ki, mən Aqil Abbasla, Qənirə xanımla, “525” kimi qəzetlə, “Qulp” kimi bir verlişlə, Əvəz Qurbanlı kimi bir şairlə birlikdə mükafat alanlar sırasındayam. Mən Ələmdara, onun qəzetinə uğurlar arzu edriəm, arzu edirəm ki, o, bu ciddiyyəti, səmimiyyəti, ziyalılığı axıra qədər qoruyub saxlaya bilsin”
Daha sonra “İlin nəşriyyatı” nominasiyaı üzrə “Azərnəşr” qalib elan olundu.
Nəşriyyatın nümayəndəsi mükafatı qəbul etdi və öz fikirlərini bu cür ifadə etdi: “Mən “Azərnəşr”in rəhbərliyi və öz adımdan “Bizim söz” qəzetinə təşəkkür edirəm”.
“Manas” dastanının Azərbaycan dilinə tərcüməsinə görə “İlin tərcümə əsəri” nomunasiyası üzrə Adil Cəmil təltif edildi.
Adil Cəmil: “Bizim söz” elə bizim sözdür. Mən sizə təşəkkür edirəm”.
“Osmanlı təzkirələrində Azərbaycan şairləri” kitabına görə “İlin elmi kitabı” nominasiyası üzrə Vüsalə Musalı mükafatlandırıldı.
Vüsalə Musalı: “Mükafata layiq görüldüyüm üçün minnətdarlıq edirəm. Mən sahədə tədqiqatlara istiqamət verən insanlara – professor Zöhrab Əliyevə, professor Məmməd Adilova, professor Azadə xanıma təşəkkür edirəm”.
“İlin kitab təbliğatçısı” nominasiyasının qalibi “Əli və Nino” mağazalar şəbəkəsinin direktoru Nigar xanım Köçərli oldu.
Nigar Köçərli: “Çox sağ olun. Çox təşəkkür edirəm. Bu mükafatı özümə böyük şərəf hesab edirəm”.
Məzahir Daşqın irsinin araşdırılmasındakı xidmətinə görə “İlin ədəbiyyatşünas alimi” nominasiyasına Şəhla Tahirqızı layiq görüldü.
Şəhla Tahirqızı: “Mən bu mükafatı bu il 100 illiyi keçirilən Məzahir Daşqına veriln dəyər kimi qiymətləndirirəm. Təşkilatçılara təşəkkür edirəm” .
“İlin ədəbi qurumu” Dünya Gənc Türk Yazarlar Birliyi oldu.
Əkbər Qoşalı: “Mükafat alana təşəkkür bildirmək qalır. Təşəkkür edirəm”
“İlin ədəbi saytı” “Kultaz” oldu
Sevinc Çılğın: “Təşəkkür edirəm. Bu mükafat Zahir bəyin mükafatıdır. “Kultaz”ın redaksiyası bizim evimizdir, bu mükafat Zahir bəyə çatmalıdır və mən onu bu gün Zahir bəyə təqdim edəcəm. Bir daha təşəkkür edirəm”.
“İlin gənc şairi” Əvəz Qurbanlı oldu.
Əvəz Qurbanlı: “Çox sağ olun, təşəkkür edirəm. Mənim nominant olmaq indiyə qədər ağlıma gəlməyib. Amma, rəsmi rəqəmlərə görə ilyarımdan sonra mənim gənclik yaşım bitir. Bu mənada bu mükafat yerinə düşdü ki, mən onu aldım.
Sonra “Azərbaycan Yazıçılar Birliyinin ən fəal bölməsi” elan edildi: Muğan bölməsi.
Namiq Hacıheydərli: “Muğan bölməsi 2008-ci ilin iyulunda yaranıb. Burada bu bölgədə yaşayıb-yaradan insanlar toplaşıb. Biz onların ədəbi orqanlarda çapına, ədəbi mühitdə təmsil olunmasına şərait yaradırıq. Təşəkkür edirəm ki, bu gün bizi belə dəyərləndirənlər, qiymətləndirənlər var”.
“İlin gənc nasiri” Zərdüşt Şəfizadə oldu.
Zərdüşt Şəfizadə: “Çox sağ olun, təşəkkür edirəm. Bu insanlarla eyni sırada mükafat almaq mənim üçün fəxrdir”.
“İlin ədəbi məclisi” nominasiyasına “Qurbani” Ədəbi Məclisi layiq görüldü.
Yusif Dirili: “Təşəkkür edirəm verdiyiniz qiymətə görə. Bizim məclis 2004-cü ildən fəaliyyət göstərir, biz bir neçə almanaxlar buraxmşıq, müntəzəm tədbirlər keçiririk. Bir daha sizə təşəkkür edirəm”.
“Qulp” verlişi “İlin ən yaxşı telelayihəsi” oldu.
“Qulp”un prodüsseri: “Təşəkkür edirəm. Üzürlü səbəblərə görə Mübariz Əsgərov burada iştirak edə bilmir. Mən Mübariz müəlimin adından, öz adımdan “Bizim söz” qəzetinə təşəkkür edirəm. “Qulp” verlişinin işi qulp qoymaq yox, müəyyən işlərin qulpundan yapışıb problemləri aradan qaldırmaq olub. Bu mükafat onu göstəri ki, biz məqsədimizə müəyyən qədər nail olmuşuq.
“Metafora” “İlin ədəbi dərnəyi” oldu.
Kəramət Böyükçöl: “Çox sağ olun, bizim bizim fəaiyyətimizə qiymət verdiyinizə görə təşəkkür edirəm. Bizim dərnəyimiz Bakı Dövlət Universitetində fəaliyyət göstərir. Bizə bu imkanı yaratdığına görə hörmətli rektorumuz akademik Abel Məhərrəmova da öz təşəkürümü bildirirəm”.
“Gənc yazarların dostu” nominasiyasının qalibi Vaqif Bəhmənli və “İlin naşiri” Elçin İsgəndərzadə isə üzrlü səbəbdən tədbirdə iştirak etmirdi.
Nominasiyalar təqdim olunduqdan sonra qonaqlara söz verildi. “Azərbaycan” jurnalının poeziya şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə çıxışında tədbirin və eləcə də mükafatın əhəmiyyətindən bəhs etdi. Şair Fikrət Sadıq “Bizim söz” qəzetini daim oxuduğunu və yüksək qiymətləndirdiyini bildirdi. Şair Abbas Abdulla mükafat alanları təbrik etdi və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Daha sonra Fərqanə Mehdiyeva, Elşən Əzim və başqaları öz fikirlərini bölüşdülər.
Tədbirin giriş sözünü deyən Rəşad Məcid tədbirin son sözlərini də dedi və bir daha qalibləri təbrik etdi, iştirakçılara isə minnətdarlığını bildirdi.
Bir Cevap Yazın