h1

Ələmdar Cabbarlı – Şeirlər

Nisan 17, 2010

Allahın əlində

Başımıza gələn qədər –

Qəza Allahın əlində.

Bəndə kimdi cəza versin

Cəza Allahın əlində.

Dünya beş-üç günlük yuxu

Ümid, təlaş, sevinc, qorxu…

Qismətin, muradın çoxu –

Azı Allahın əlində.

Nicat gəzmə başqa yöndə,

Qurtuluş imanda, dində.

Dəyişdirə bilməz bəndə

Yazı Allahın əlində.

Kim ki Allaha əl açar.

Allah da ona yol açar.

Bircəcə anda gül açar

Arzu Allahın əlində.

Kim savabdan suça dönər –

Ömrü-günü puça dönər.

Bircə anda heçə dönər

Yüzü Allahın əlində.

Çoxu şeytan felindədir,

İmanı da dilindədir.

Deyir dünya əlimdədir –

Özü Allahın əlində.

Qismətimi Özü versin

Şeiri versin, sözü versin.

Bəndə kimdi ruzi versin –

Ruzi Allahın əlində.

Kimsəyə baş əyməz könlüm.

Bir könülə dəyməz könlüm.

Bəndəyə göz dikməz könlüm –

Gözü Allahın əlində!

Torpağın üzü soyuqdu

Torpağın üzü soyuqdu

Görəsən altı necədir?

İnsanın qiyamətədək

Günü, həyatı necədir?

Öz yasın saxlayan varmı?

Dərdinə bir həyan varmı?

Orda da ağlayan varmı?

Ağı, bayatı necədir?

Danışmağa söz olurmu?

Görməyə üz-göz olurmu?

Gecə ya gündüz olurmu?

Vaxtı, saatı necədir?

Bir kəndmidir, şəhərmidir?

Əməllər haqqmı, şərmidir?

Hansı yaşda düşərlidir?

Görən 26 necədir?

Özünü az çətinə sal,

Nə sor, nə yanlış cavab al.

Bəndəlik deyil bu sual –

Bilməz isbatı necədir…

Məmməd Aslana

Xızı dağlarına çıxdıq ustadla

Dağ bunu özünə şöhrət bilirmiş.

Bir boy da ucaldı dağın dağlığı

Dağ bunu özünə fürsət bilirmiş.

Ustadın gəlişi gəldi xoşuna

Dağ qoydu özünü dağın başına.

Köçürdü Məmmədi daş yaddaşına,

Hər sözün, söhbətin hikmət bilirmiş.

Qartala bənzədi dağın başında,

Bizdən qıvraq idi ahıl yaşında.

Bu yurdu vəsf etdi hər qarışında –

Bu yurdu gülüstan, cənnət bilirmiş.

Bizi bir zirvənin qaşına çəkdi,

Əlin hər otuna, daşına şəkdi.

Buz kimi bulağı başına çəkdi

Suyun bal bilirmiş, şərbət bilirmiş.

Kəlbəcər deyəndə gözləri doldu,

Gördüm ürəyinin ağrısı boldu.

Düşdü önümüzə bələdçi oldu

Yurdu oba-oba, kənd-kənd bilirmiş.

Gah Qurandan dedi, təfsirdən dedi,

Həm aşkardan dedi, həm sirrdən dedi.

Ələsgərdən dedi, Şəmşirdən dedi

Söz-söz, misra-misra, bənd-bənd bilirmiş.

Dağlara üz tutdu, xiffət elədi,

Hər otnan, çiçəknən ülfət elədi.

Yanımda bir daşnan söhbət elədi –

Daşın da dilini Məmməd bilirmiş.

Famil Mehdiyə

Könlünə min cürə ağrı yol açdı,

O gün ki, əlindən Ağdamı getdi.

Insanlıq bir boy da balacalaşdı,

Dünyanın bir yaxşı adamı getdi.

Ruhu həmən uçdu Ağdama sarı,

O uzaq yolları qısaldı daha.

Mənimsə dərdimi bölməkdən ötrü

Döyməyə bir qapım azaldı daha.

Billur bulaq idi şeiri, sözü,

Elmi, biliyi xəzinə idi.

Əsl aydınlğa-ziyalılığa

Ən parlaq, ən bariz nümunə idi.

Bir yol büdrəmədi əqidəsində,

Bir an dayanmadı şərin yanında.

Yolu ağ, sözü ağ, üzü ağ oldu

Bu ulu torpağın, yerin yanında.

Pozmadı ömrünün sonuna kimi,

Torpaq ilqarını, Vətən əhdini.

Əsl kişi kimi, əsl ər kimi

Vətən yaşadacaq Famil Mehdini!

Namazöncəsi yazılmış şeir

Beşgünlük bir dünyadasan,

Savab işə adət eylə.

Nəfsinə bir az yiyə dur,

Mənzilini cənnət eylə.

Həyatın tam puç olacaq,

Sənə qalan suç olacaq.

Sorğu günü gec olacaq,

Ha yalvar, ha minnət eylə.

Əcəl adlı cam var, Tanrım,

Məndə də bir can var, Tanrım.

Səndən bir ricam var, Tanrım,

Tanrım, mənə rəhmət eylə.

***

Əvvəl-axır ölərik,

Ölərik, sağlıq olsun.

Allahım, hüzuruna

Gələrik, sağlıq olsun.

Bitər bu uzun sürgün,

Gəlib yetişər sirr gün…

Ölüm nə imiş – bir gün,

Bilərik, sağlıq olsun.

Göndərər Allah günü,

Qara günü, ağ günü.

Mömin olsaq – haqq günü

Gülərik, sağlıq olsun.

Allaha şükür

İlahi, bu ömrə, günə,

Nə vermisən ona şükür!

Gəlib-gedən bu nəfəsə,

Bu quruca cana şükür!

Yoruldum nadan içində,

Olmuşam edam içimdə.

Bir belə adam içində

Bir nəfər insana şükür!

Şükür sözün yazan ələ,

Şükür sözün deyən dilə,

Gördüyüm ilkə, əvvələ –

Görəcəyim sona şükür!

Ata, qəbristanlıq yaman böyüyüyüb

Ata, qəbristanlıq yaman böyüyüyüb,

Səni dəfn edəndə beş-on məzardı.

Ölüm sudan ucuz, amma məzarın

Üstündə növbədi, giley-güzardı.

Vallah qayğılarım başımdan aşıb,

Sınıq ürətimi dur bağla görək.

Ata, qəbristanlıq yaman sıxlaşıb,

Yanında yerimi bərk saxla görək.

Sevincdən qismətim o qədər kəm ki,

Kədər çalışır ki, qəsdimdə olsun.

Qəbrinin yanında ev tikmişəm ki,

Qoy gözün hər zaman üstümdə olsun.

Ata, qəbristanlıq yaman böyüyüb,

Yaman çoxalıblar, qoşun olublar.

Allah behişt versin – kənd qonşuların

Gəlib şəhərdə də qonşun olublar.

Ruhuna yazmışam bu sətirləri,

Bir az ağı olsun, şeir olsun bir az.

Bir az da ağlayım qəlbim boşalsın,

Qoy təzə dərdlərə yer olsun bir az.

Dəymədim xətrinə

Sifəti tanışdı, üzü tanışdı,

Bu qız zəmanənin öz uşağıdı.

Məni görən gündən yalan danışdı,

Dedi inanacaq, söz uşağıdı.

Üzdü işvə məni, üzdü naz məni,

Bu yollarda az gözlətdir, az məni.

Dedi kənddən gəlib, anlamaz məni

Dərə uşağıdı, düz uşağıdı.

Düşündü atmağa nə var ki bunu.

Özgəyə satmağa nə var ki, bunu.

Dedi aldatmağa nə var ki, bunu –

Əyri zəmanənin düz uşağıdı.

Bitib yollarında qala bilərdim,

Yarı öz günümə sala bilərdim.

Mən ondan intiqam ala bilərdim –

Dəymədim xətrinə – qız uşağıdı…

Giley

Sənnən qurtarmışam, dünya,

Heç nəyin gəlmir eynimə.

Səndən əl çəkməkdən başqa,

Bir fikir batmır beynimə.

Elə yanımdan keçmisəm,

Nə saymısıan, nə seçmisən.

Qəmindən libas bişmisən,

Mənim bu yalın əynimə.

Ha özünü qızıla tut,

Ilkin beşik, sonun tabut…

Dünya, məni biryolluq ud

Məni bir belə çeynəmə.

Bağrımı köz üstə qoydum,

Ömrümü söz üstə qoydum.

Dərd verdin – göz üstə qoydum,

Niyə çıxartın çiynimə…

***

Getsən – ağrıdı, acıdı,

Qalsan – günahdı bu ömür.

Səssiz-küysüz çıxıb gedər

Üzsüz qonaqdı bu ömür.

Özünü oda yaxırsan,

Yüz min oyndan çıxırsan;

Bir də qayıdıb baxırsan…

Su kimi axdı bu ömür.

Yaranandan azad deyil,

Çəkiləsi əzab deyil.

Sürünməsən – az-zad deyil,

Yaşasan – çoxdu bu ömür!

Yetməz zirvəyə qalxınca,

Bitər aynadan baxınca.

Ömrün axrına çıxınca –

Axrıma çıxdı bu ömür…

Yönüm Allaha sarıdı

Yolum, inamım, imanım –

Dinim Allaha sarıdı.

Sübhüm namazla açılır –

Günüm Allaha sarıdı.

Zaman-zaman, sənə-sənə

Çox gərmişəm dərdə sinə.

Hər namazda səcdəsinə

Yenim – Allaha sarıdı.

Girmişəm ömrümlə cəngə,

Gəlmişəm əlindən təngə.

Nə yaxşı ki, axır döngə –

Dönüm Allaha sarıdı.

Muradım haqqdan gəlibdi,

Təbim bulaqdan gəlibdi.

Ilkim Allahdan gəlibdi –

Sonum Allaha sarıdı.

Şər əməli mən tutmaram,

Dolanaram gen – tutmaram.

Bəndəsinə yön tutmaram

Yönüm Allaha sarıdı.

Yaşasaq, qırılıb-batarıq Vallah

Bu heç ömrümüzdə heç gün görmərik,

Beş günlük dünyada beş gün görmərik.

Gecə də bir dənə xoş gün görmərik

O qədər narahat yatarıq vallah.

Dəyib başımıza çox daş dünyadan,

Baş alıb gedəsən birbaş dünyadan.

Seyrəlsə bu quldur, əyyaş dünyadan

Biz də arzumuza çatarıq Vallah.

Dünya – qonaq evi gəlib-gedirik,

Gəlib bağrımızı dəlib gedirik.

Deyirəm yaxşı ki, ölüb gedirik –

Yaşasaq, qırılıb-batarıq Vallah.

Sabahını elə qur ki…

Sabahını elə qur ki,

Sabah səndən razı qalsın.

Allahdan əlini üzmə –

Allah səndən razı qalsın.

Çalış hər döyüşdən sağ çıx,

Nahaqqı əz, özün haqq çıx.

Hər sınaqdan üzüağ çıx –

Sınaq səndən razı qalsın.

Əyilməsin başın təki,

Kim olsa da qarşındakı.

Elə yaşa – başındakı

Papaq səndən razı qalsın.

***

Ömrüm bom-boz bir səhradı

Axarı yox, baxarı yox.

Elə nə görmüsən odur

Gəliri yox, çıxarı yox.

Dözdüm dar gün ötə, gedə

Dünya pisliyin tərgidə.

Məni bişirdi bürküdə.

Buludu yox, yağarı yox.

Düzü,  mərdi dandı dünya

Dərdə mərdin yandı, dünya.

Bu nə nərdivandı, dünya

Aşağı var, yuxarı yox.

Kədər ömrümə şələdi,

Sevinc ömrümdə gilədi.

Bu düşdüyüm nə çilədi –

Əvvəli var, axırı yox.

Qorxu duası

Allahın lütfü böyükdür,

Günahı olan qorxmasın.

Allahdan əfvin diləsin

Allahı olan qorxmasın!

Alçaltmasın adın-sanın

Önündə şahın. Sultanın.

Beş-üç günlük bu cahanın

Qonağı olan qorxmasın.

Yaxşını tanıyar Tanrı

Axtarar-arayar Tanrı.

Sevdiyin sınayar Tanrı –

Sınağı olan qorxmasın.

Dünya boynumuzda borcdu,

Axırı bəlli sonucdu.

Sabah namazdı, orucdu –

Sabahı olan qorxmasın.

Dünya gedimdi. Gəlimdi

Sirrdi, dəryadı, bilimdi.

Olanın sonu – ölümdü

uzağı – Olan qorxmasın

Hər gün

Bu axşam gələcək qonağım-qaram,

Bu axşam dərdimin yaşı olacaq.

Hamıdıan birinci təbrikə gələn

Gözümün bir gilə yaşı olacaq.

Biz dərddən tutulan səmayıq, göyük,

Sevinci heç yoxdur, kədəri böyük.

Mən hardan biləydim yapışdığım yük –

Dünyanın ən ağır daşı olcaq.

Qaçıb gətirmişəm tək Sənə pənah.

Qoyma gora gertsin mənlə bu günah;

Hər gün aldadıram anamı, Allah

Hər gün deyirəm ki, yaxşı olcaq…

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s

%d blogcu bunu beğendi: