h1

Zəlimxan Yaqub: “40 ildən çoxdur Bakıdayam, nə sazım, nə ləhcəm, nə də geyim-gecimim dəyişməyib”

Nisan 17, 2010

GENİŞ AÇ QAPINI, AY EV YİYƏSİ…

Ustad şair Zəlimxan Yaqubun bu günlərdə 60 yaşı tamam oldu. Elə bu münasibətlə də xalq şairi – xalqının şairi dövlət başçısı cənab İlham Əliyev tərəfindən “Şərəf” ordeninə layiq görüldü. Ustadın həm 60 illik yubilieyini, həm də “Şərəf” ordenini təbrik etmək üçün onun qapısını döydük. Ürəyi də, süfrəsi də, qapısı da xalqın üzünə açıq olan şair bizi ürəklə, könül xoşluğu ilə qarşıladı. Zəlimxanın ürəyi bir saraydı, Qonaq olun, ay Allahı sevənlər – deyən şairin qonağı olduq.

ALTMIŞIMA “PEYĞƏMBƏR”LƏ GƏLMİŞƏM…

Zəlimxan müəllim, əvvəlcə sizi 60 illik yubileyiniz və “Şərəf” ordeni almağınız münasibətilə təbrik edirik.

Çox təşəkkür edirəm, sağ olun.

60 yaşdan geri boylananda arxada nələri görürsünüz?

60 yaşdan geri boylananda nəyi görürəm? Borçalı adlı bir mahalda, Kəpənəkçi adlı bir kənddə, Yusif müəllimin ailəsini görürəm, doğulduğum evi görürəm, atamın ruhunu görürəm, anamın canının sağlamlığını görürəm. Kökü, tarixi yaddaşı görürəm. Başı qarlı zirvələri görürəm, Lök dağını, Ləlvəri, Ağlağanı, Başkeçid, Qaraxaç yaylağını görürəm. Zəlimxanı saçından dırnağına qədər təbiət qədər gözəlləşdirən, Zəlimxan eyləyən o təbii mənzərləri görürəm. Əmrahın, Kamandarın, Xındı Məmmədin, Hüseyn Saraclının  bir-birindən maraqlı keçən məclislərini görürəm, o məclislərin iştirakçısı olan Zəlimxanı görürəm. Qulağıma atın kişnərtisi, quzuların mələşməsi, şəlalənin hönkürtüsü, bulaqların zümzüməsi, çayların harayı gəlir… Bir kəlməylə, bir cümləylə deyiləndimi?.. Nələri görmürəm? Bu 60 illik ömrümdə Borçalıdan gəlib Azərbaycanla bir olanda, Azərbaycandan çıxıb bütün Türk dünyası ilə bir olanda gəzdiyim ölkələri, Kəbəni, Kərbəlanı, Şamı, Bağdadı, Qarsı, İstanbulu görürəm, Türk dünyasını, İslam aləmini görürəm. Yaşadığım 60 il olduqca maraqlı, olduqca rəngarəng bir ömür olub. Səyyah kimi, aşıq kimi, aşiq kimi, deputat kimi, dövlət adamı kimi bunların hamısını özümdə cəmləşdirmişəm. Heç yerdən də seyrçi kimi keçməmişəm, yaza-yaza keçmişəm. Bu  60 ildə gördüklərim 40 – a qədər yazdığım kitablarımda, bir kitab o birində  təkrar olunmadan əks olunubdur. Bütün həyatım boyu qələm əlimdə, saz sinəmdə nəğmə dodağımda bir ömür yaşamışam. Cibim də açıq olub, süfrəm də açıq olub, qapım da açıq olub, qəlbim də açıq olub. Ağsaqqalların oğlu, ağbirçəlklərin övladı, cavanların qardaşı olmuşam. Kəlbəcərdə Dədə Şəmşirlə ata-oğul olmuşuq. Nə qədər məşhur sənətkarlar olub, onların hamısı ilə oturub-durmuşam, yoldaşlıq eləmişəm. 60 illik ömürdə aranı, yaylağı, dağı, binəni, cığırı, aşırımı, çəhlimi, yastananı gəzə-gəzə palıdların, vələsin, ağacların varlığına hopa-hopa gözümü açanda gördüm ki, təbiətin bir parçasına çevrilmişəm. Gəldim Azərbaycan dünyasına, rayonlara səfərlərim, ağbirçəklərlə, ağsaqqallarla görüşlərim – ayıldım gördüm ki, Borçalıda təbiətin bir parçasına çevrilən Zəlimxan artıq cəmiyyətin bir parçasına çevrilib. Mən heç vaxt otaqların küncünə çəkilmədim, qısılmadım, bürüşmədim, sınmadım, əyilmədim. Allah bir eşq verdi, bir hava verdi, o havayla gəzdim bu dünyanı. Heç vaxt öz inamıma, yaradıcılıq eşqimə xəyanət eləmədim, içərimdə özümə qarşı hərbi nəzarət yaratdım. 60 illik ömür məni 40 kitaba, 4 övlada, 6 nəvəyə, gözəl ailəyə qovuşdurub, ulu öndər Heydər Əliyevin verdiyi “Şöhrət” ordeninə, möhtərəm prezidentimizin verdiyi “Xalq şairi” adına və nəhayət  “Şərəf” ordeninə qovuşdurub. Bu orden məni həm də ona görə şərəfli elədi ki, dövlətin mövqeyi milətin istəyi ilə üst-üstə düşdü.

HƏR ZAMAN ÇALSA DA ÖZ HAVASINI,

HEÇ VAXT SƏNƏTKARA RƏĞBƏT DƏYİŞMƏZ…

Zəlimxan müəllim, 20 il bundan öncə bu günləri necə görürdünüz?

Mən tam səmimiyyətlə deyirəm, bu günləri ovcumun içi kimi görürdüm. İndi də gələcəkdə nə olacaq, onu görürəm. Niyə? Mənin inandığım bir inam var: cavansınız, sizə də lazım olacaq yadınızda saxlayın, heç zaman halal zəhmət itmir, haqq-ədalət itmir. Bütün əsərlərimi – Ələsgərlə bağlı, sazla bağlı, Peyğəmbərlə bağlı, Heydər Əliyevlə bağlı – hamısını yazanda əvvəl tərtəmiz yuyunmuşam, Allaha əl açımışam, diz çökmüşəm ki, mənə bu işdə kömək elə, sidqi-dildən, ağladığım məqamlar da olub, Allah da hamısını mənə verib.

DİLLƏRİN DUASINA MƏNDƏN SALAMLAR OLSUN…

Zəlimxan müəllim, bir dəfə sizə bir sual vermişdilər, bostana daş atmaqla bağlı. Siz demişdiniz ki, bostanda nəsə var ki, ora daş atırlar. Yenə də daş atırlarmı bostanınıza?

Çox sağ olun, məzmunlu sual verdiniz. Bostana daş atmaq məsələsinə bir az geniş anlamda baxmaq lazımdır. Əgər Məhəmməd Peyğəmbəri bu insanlar daş-qalaq eləyibsə, Cavidi Sibirdə çürdübsə, Əhməd Cavadı, Müşviqi güllələdibsə, o dünən də olub, bu gün də var, sabah da olacaq. Belə şeydən çəkinmək lazım deyil, qurddan qorxan qoyun saxlamaz. Amma sən böyüdükcə, şübhəsiz o daşların sayı azalır, sözünlə hesablaşırlar, şəxsiyyətinlə hesablaşırlar, dövlətlə hesablaşırlar, millətin sevgisi ilə də hesablaşırlar və sonra heç o daşları da atmırlar. Bəzən bəzi səbrsiz dostlarım deyir ki, Zəlimxan müəllim, belə yazırlar, deyirəm, narahat olmağa dəyməz, nəsə var ki, yazırlar, olmasa, nə yazacaqlar. Deyir, qurban olum düşmənə, qoymur məni düşməyə, əslində dərindən baxanda o daşların sənə xeyri var.

ZƏLİMXAN NƏ YAZSA, SAZ DİLİNDƏDİR…

Özünüzü ən çox şair hesab edirsiniz, yoxsa aşıq?

Sizə necə yaxşı gəlirsə, o cür qəbul edin. Amma mən özümü həm bir yaxşı şair, həm də bir yaxşı aşıq hesab edirəm. İndi durub sizin eşqinizə bir saz çalacağam, siz onu da görəcəksiniz. Bu aşıqlıq aləmi mənim üçün o qədər əzizdir, o qədər müqəddəsdir ki, mən əla bilirəm: mənim saz qanadım olmasaydı bu günkü Zəlimxan Yaqub olmayacaqdım. Mən birinci növbədə anama, anamın laylası qədər əziz olan saza minnətdaram, mən sözə sazdan gəlmişəm.

Bu gün saza dodaq büzənlər də var, onlara sözünüz nədir?

Siz deyirsiniz, saza dodaq büzürlər, bir 20 il bundaq qabaq Zəlimxana da dodaq büzürdülər. Deyirdilər, dünyanın o başından gəlib burda nə meydan sulayır? Heç məni qəbul etmirdilər. Məni niyə qəbul etmirdilər? Çünki mən sazdan gəlmişdim. Şəhər psixologiyası bunu qəbul etmirdi. 30 il bundan qabağa qədər  Bakı mənim deyildi, rusun idi, ermənin idi, cuhudun idi. Hələ siz bu gün Allaha şükür edin ki, saz şəhərdə özünə bu qədər yer eləyə bilib. Əvvəl saz ancaq kəndin idi, bu gün saz həm də şəhərindi. Dünən saza lağ eləyən bir də görəcəksən sazın başına pərvanə kimi fırlanır. Sazın Bakıda hələ yaşı çox cavandır.

Zəlimxan müəllim, Aşıqlar Birliyində vəziyyət necədir?

Qurultaydan sonra bir il bizim yer problemimiz oldu. İndi bizə İçərişəhərdə yer ayırıblar. Bu gün Aşıqlar Birliyi böyük işlər görür, YUNESKO-nun qəbul elədiyi bir sənətin təbliği, inkişafı ilə məşğul olur. Həm də bizim işimiz ona görə yaxşıdır ki, həm möhtərəm prezidentimiz İlham Əliyev, həm də Mehriban xanım biz dəstək olur.

Birliyə necə üzv olmaq olur?

Üzv olmaq istəyən gəlir, baxıram eninə-uzununa, sazına, sözünə, söhbətinə, orda ağsaqallar var, münsiflər var, layqidirsə qəbul edirik, layiq deyilsə, deyirik get məşğul ol, məsləhət olarsa, gələrsən. Aşıq çox o yan –bu yan eləyəndə deyirəm,bu havanı çal görüm, çala bilmir, onda özüm durub həmin havanı çalıram.

ŞAİRSƏN, ALLAHIN DİLİNDƏ DANIŞ…

Azərbaycan ziyalılarından ana dilllə bağlı ən şox haray çəkən biri sizsiniz. Bu gün də etiraf edək ki, bu problem var. Hətta bəzi dövlət idarələrinə də zəng edib bir məlumat almaq isətəyəndə adamla başqa dildə danışırlar.

Ulu öndərimiz dil haqqında fərman imzalayıb, parlament dil haqqında qanun qəbul edib. Birinci növbədə hər bir vətəndaşın borcudur ki, bunlara əməl eləsin. Ancaq əsl qeyrətli vətəndaş üçün əsas onun öz vicdanıdır. Mən Azərbaycan xalqının oğluyamsa, öz dilimdə danışmalıyam. Ən bədbəxt insan odur ki, öz ana dilində danışa bilməsin. Mən ana dilimizi belə gözəl biməsəydim, bu günkü Zəllimxan olmayacaqdım.

HAQQI-SAYI TİKƏ-TİKƏ YEYİLƏN,

NƏYMİŞ ALLAH, BU BORÇALI DEYİLƏN?!

Zəlimxan müəllim, şairlər, yazıçılar yaşının müdriklik çağlarında adətən doğulduqları kəndə qayıdırlar, orada yaşayırlar. Sizin içinizdə belə bir istək varmı?

Mənim o fikrim yoxdur, nəyə görə? Mənim doğulduğum yer Azərbaycandan kənardadır. Amma mənim xoşbəxtliyim ondadır ki, şəhərdə yaşamağıma baxmayaraq, bir gün də şəhərliləşmədim. Mən bütün ömrüm boyu gəzdim, adım şəhərdə oldum. 40 ildən çoxdur Bakıdayam, nə sazım, nə ləhcəm, nə geyim-gecimim dəyişmədi.

Bu gün Borçalıların xeyli problemləri var, yəqin ki, o problemlərlə bağlı sizə müraciət edirlər.

Çox müraciət edirlər. Bu Borçalı problemi Nadir şahın dövründən qalmadır. Nadir şah oğlu Rzaqulu xanı Gəncəbasara, Borçalıya canişin təyin eləmişdi, ona tapşırmışdı ki, bu əraziləri sən idarə elə. Burada onun başını yedilər ki, gəl sən də buranın şahı ol. O, şahlıq eşqinə düşdü. Bunu Nadir şaha çatdırdılar. Nadir də gəldi oğlunun gözünün ikisini də çıxardı. Və bundan sonra onun hakimiyyəti zəiflədi, üsyanlar qalxdı və çar-naçar qalan Nadir şah Borçalını gürcü çarına bağışladı. Ondan sonra gələnlər də onun səhvini təkrar elədilər. 20-ci illərdə respublikaların əraziləri müəyyənləşdiriləndə Borçalı oldu Gürcüstanın ərazisi. Hələ də bu yaranı sağaltmaq olmur. Qismət… Yaşayarıq, görərik.

Zəlimxan müəllim, övladlarınızdan sənətinizi davam ertdirən varmı?

Onların hamısı mənim ruhumda, mənim işığımda böyüyüb, amma onların heç birisi Zəlimxan olmayacaq.

QURBAN OCAĞINDA KÖZƏ DÖNMÜŞƏM…

Yeni çapdan çıxan kitabınızda belə bir misralar var – Kəlbəcərdə yazmısınız o misraları: Qurban ocağında közə dönmüşəm, Şəmşirin sazını çalıb gedirəm. Sizin  içinizdə belə bir inam varmı ki, o yurd yerlərimizdə yenidən o sazı çala biləcəksiniz?

Buna mənim heç bir şəkk-şübhəm yoxdur, mən Kəlbəcərdə o sazı çalacağam, sizinlə bir yerdə! Orda bir deyişəcəyik də!

Zəlimxan Yaqubun görüşündən ayrılanda dilimizdə yenə onun misraları idi:

GÖRÜŞ VAR, ŞADLIĞI SIĞMIR İLLƏRƏ…

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s

%d blogcu bunu beğendi: